ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənə halını alan Payız festivalı – Məhsul bayramı coşqu ilə qeyd edilib.
Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramları bu gün də bolluğun, ruzi-bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirmək olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbə və şagirdləri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar iştirak ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, şirkət olaraq böyük məmnunluqla belə tədbirlərdə iştirak edirlər. VŞQ-nin təsisçisi qeyd edib ki, keçmişimizə, millətimizin tarixinə, mədəniyyətimizin inkişafına xidmət edən bu cür təşəbbüslər mütləq mənada dəstəklənməlidir.
Rəsmi hissədən sonra bədii proqram təqdim edilib.
ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, mahnı və rəqslər bayram ab-havasını daha da canlandırıb. Xalq artisti Zülfiyyə Xanbabayevanın ifası tədbirə rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.
Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinə sərf edilib.
Əsas və daimi tərəfdaş kimi Veysəloğlu Şirkətlər Qrupu, o cümlədən “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi, “Xonça” və “Rossmann” şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi “Paul”, “Fryday”, “Cinnabon”, “Şahdağ-E Arıçılıq”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda, ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.


























