Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir.
Oktyabrın 30-da Avstriyanın paytaxtı Vyanadakı Aksent Teatrında (Theater Akzent) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib.
Əvvəlcə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dahi bəstəkarın Vyananın Dunay parkındakı abidəsini ziyarət edib.
Bildirilib ki, vyanalıların sevimli məkanlarından olan parkda bir sıra xalqların görkəmli şəxsiyyətlərinin abidəsi var. Görkəmli Azərbaycan heykəltaraşı Ömər Eldarovun müəllifi olduğu abidə 2006-cı ildə qoyulub və bura musiqisevərlərin, eləcə də soydaşlarımızın tez-tez ziyarət etdiyi məkana çevrilib.
Sonra teatrın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılıb.
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə töhfələrindən danışıb.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısı tərəfindən bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması da bu diqqətin bariz nümunəsidir.
Sonra “Arşın mal alan” tamaşası nümayiş olunub.
Alman dilində (“Samt und Seide” – “Məxmər və ipək” altbaşlığı ilə) təqdim edilən tamaşa tanınmış rejissor Rita Serayniq və dirijor, bəstəkar Maykl Şnakın bədii rəhbərliyi altında yerli yaradıcı heyətin iştirakı ilə hazırlanıb. Səhnə rəssamı və vizual elementlərin dizayneri Kristian Ariel Heredia, geyim rəssamı Vüsal Rəhim, xoreqrafı Suzanne Rietsdir.
Azərbaycan nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın tanınmış teatr və festivallarının rəhbərləri, media mənsubları, musiqisevərlər və bu ölkədəki soydaşlarımız tamaşanı maraqla izləyiblər.
Hadisələri müasir dövrə köçürülərək hazırlanan 112 yaşlı musiqili komediya sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, tamaşa 31 oktyabr və 2 noyabr tarixlərində də Akzent Teatrının repertuarında yer alıb.
Xatırladaq ki, vyanalı sənətsevərlər Üzeyir bəyin bu sənət şedevri ilə ilk dəfə 2006-cı tanış olublar.





























