Oktyabrın 30-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Talanttar Alemi” çoxjanrlı beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqənin təşkilatçısı “Talant Studio” yaradıcılıq mərkəzinin təsisçisi Bakıtqul Delmanovadır (Qazaxıstan).
Azərbaycan və Qazaxıstandan iştirakçıların olduğu müsabiqə “Xoreoqrafiya. Teatr sənəti”, “İnstrumental ifaçılıq – fortepiano, dombra, skripka, tar, fleyta, qarmon”, “Xor dirijorluğu. Estrada vokalı” və “Təsviri və dekorativ-tətbiqi sənət” nominasiyalarını əhatə edib.
Münsiflər heyətində hər iki ölkədən tanınmış sənətçi-mütəxəssislər yer alıblar.
Sumqayıt Musiqi Kollecinin məzunu tarzən Fərid İmranlı “İnstrumental ifaçılıq” nominasiyasında uğurla çıxış edərək Qran-priyə layiq görülüb.
Bu barədə ifaçı özü saytımıza məlumat verib.
Fərid İmranlı müsabiqədə Həsən Rzayevin “Çahargah” rapsodiyasını ifa edib.
Gənc tarzəni fortepianoda konsertmeyster Sevinc Süleymanova müşayiət edib.
Qeyd edək ki, Fərid İmranlı bir sıra müsabiqələrin qalibidir.



















