Noyabrın 1-də Misirdə dünyanın ən böyük muzeyi sayılan “Grand Egyptian Museum” – Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçirilib.
Müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin qatıldığı mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Mərasimdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi iştirakçılara müraciət edib. Həmçinin Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli salamlama nitqi söyləyib.
Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.
Böyük Misir Muzeyinin təntənəli açılış mərasiminin Bakıda canlı yayımı təşkil edilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbir Misirin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşib.
Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda tədbirdə çıxış edərək bildirib ki, Böyük Misir Muzeyi təkcə ölkəsinin deyil, bütün bəşəriyyətin mədəni irsinin əks olunduğu möhtəşəm layihədir: “Bu muzey tarix üçün bir inci, insanlığa bəxş etdiyi töhfə baxımından əsl xəzinədir. Biz istədik ki, izləyicilər bu hadisəni xəbərlərdən deyil, Misirdəki tamaşaçılarla eyni anda, birbaşa izləsinlər”.
Qeyq edək ki, tikintisi 20 ilə yaxın davam edən və 1 milyard dollara başa gələn "Grand Egyptian Museum” Giza piramidalarının yanında (Qahirədən təxminən 20 km məsafədə) yerləşir.
47 hektar (470 min kvadratmetr) sahəni əhatə edən kompleks dünyada bir sivilizasiyaya həsr olunmuş ən böyük muzey məkanı – arxeoloji obyekt hesab olunur. Kompleksə 24 min kvadratmet daimi ekspozisiya sahəsi, uşaq muzeyi, konfrans zalları, təhsil müəssisələri, ticarət zonası və böyük konservasiya mərkəzi daxildir.
Muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar – ümumilkdə 50 mindən artefakt toplanıb. Bir çox artefaktlar buraya Qahirədəki Misir Muzeyindən köçürülüb. O cümlədən firon II Ramzesin 3200 il öncəyə aid 83 ton ağırlığında heykəli və piramidaların tikintisində istifadə olinduğu deilən firon Xeopsun 4500 il tarixi olan qayığı da burada nümayiş etdiriləcək.
Vüqar Orxan























