Bölgə öz müqəddəratını Mərakeşin tərkibində "genişləndirilmiş muxtariyyət" statusu ilə müəyyən edə bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Mərakeş Krallığının Qərbi Sahara üzərində suverenliyini dəstəkləyən və beynəlxalq hüquq baxımından bu məsələdə son nöqtə sayıla biləcək qətnamə qəbul edib.

TŞ-də 15 üzv-dövlətdən 11-i (o cümlədən beş daimi üzvdən 3-ü – ABŞ, Böyük Britaniya, Fransa) “Qərbi Saharada vəziyyət haqqında”  31 oktyabr 2025-ci il tarixli 2797 saylı (S/RES/2797) qətnamənin lehinə səs verib. Rusiya, Çin və Pakistan bitərəf qalıb, TŞ-nin  qeyri-daimi üzvü (2025-ci ilin sonunadək) olan və Qərbi Saharada separatçı “Polisario Cəbhəsi”nin əsas müttəfiqi sayılan Əlcəzair səsverməni boykot edib.

Yeni qətnamənin qəbul edilməsində ABŞ-nin dəstəyi həlledici rol oynayıb. Sənəd yarım əsrə yaxın münaqişə-mübahisə tarixi olan Qərbi Sahara məsələsinin Mərakeşin suverenliyi müstəvisində həllini dəstəkləməklə yanaşı, Şimali Afrikadakı güc balansında tarixi bir dəyişikliyi ehtiva edən qərar kimi də geniş rezonans doğurub.

“Birləşmiş Ştatlar bu unikal anı dəyərləndirən və Qərbi Saharada uzun, çoxdan vaxtı çatmış sülh üçün impuls üzərində qurulan bugünkü tarixi səsverməni alqışlayır”, – deyə ABŞ-nin BMT-dəki nümayəndəsi səfir Mayk Valts (Mike Waltz) bildirib. O, diqqətə çatdırıb ki, ABŞ administrasiyası Trampın birinci prezidentliyi dövründə Mərakeş və İsrail arasında münasibətlərin normallaşdırılması müqabilində Mərakeşin Qərbi Sahara üzərində suverenliyinin rəsmən tanınması ilə bağlı siyasi kursu davam etdirir.

Xatırladaq ki, Donald Tramp 2020-ci ilin dekabrında Kral VI Məhəmməd ilə telefon danışığı zamanı Qərbi Sahara üzərində Mərakeşin suverenliyinin ABŞ tərəfindən tanındığını bəyan etmiş və bununla bağlı fərman imzalamışdı. 2025-ci ilin aprelində ABŞ-nin dövlət katibi Marko Rubio Mərakeşin xarici işlər naziri, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Naser Burita ilə Vaşinqtonda keçirilən görüşdə bu mövqeyi bir daha ifadə etmiş və "Mərakeş suverenliyi çərçivəsində gerçək muxtariyyət yeganə mümkün həll yoludur" deyə bildirmişdi.

Ötən aylarda ABŞ ilə yanaşı Böyük Britaniya və Fransa tərəfdən də Mərakeşin Qərbi Sahara üzərində suverenliyi və bölgəyə muxtariyyət planına dəstək ifadə edilmişdi.

Xatırladaq ki, Mərakeş 1975-ci ilin noyabrında Qərbi Saharaya dinc yürüş – "Yaşıl Yürüş" aksiyasından sonra bölgə üzərində faktiki suverenlik haqqını dünyaya bəyan edib. Həmin vaxtadək İspaniya bölgəyə keçmiş müstəmləkə ərazisi kimi nəzarət edib. 1975-ci ilin noyabrında İspaniya öz administrasiyasını geri götürüb. Daha sonra Qərbi Saharaya qismən iddiası olan Mavritaniya da qoşunlarını oradan çıxarıb.

Bununla belə, qonşu Əlcəzair bölgənin tam olaraq Mərakeşin nəzarətinə keçməsinə qarşı idi və 1976-cı ildə onun dəstək verdiyi  “Polisario Cəbhəsi” tərəfindən “Sahara Ərəb Demokratik Respublikası” elan edilmişdi. Bir sıra ölkələr Əlcəzairin təşviqi ilə “SADR”ı onu tanıdıqlarını bildirsələr də, sonrakı illərdə əksəriyyət bu niyyətdən daşınıb. Bununla belə, Əlcəzair “Polisario Cəbhəsi”nin separatçı hərəkatını dəstəkləməkdə davam edir.

Onu da qeyd edək ki, Mərakeş hələ 2007-ci ildə Qərbi Saharaya muxtariyyət təklif edib və bu təşəbbüsə tədricən beynəlxalq dəstək (o cümlədən BMT-də) qazanmaqda idi. Son olaraq bir il əvvəl,  2024-cü il oktyabrın 31-də BMT Təhlükəsizlik Şurası Mərakeşin suverenliyinə və onun Saharaya muxtariyyət planına dəstəyini təsdiqləyən 2756 saylı qətnamə qəbul etmişdi.

Coğrafi baxımdan strateji mövqeyi olan Qərbi Sahara, eyni zamanda təbii ehtiyatlar, o cümlədən bu gün xüsusilə gündəmdə olan nadir torpaq elementləri ilə zəngin bölgədir, həmçinin Atlantik okeanına potensial enerji dəhlizidir.

BMT TŞ-nin yeni qətnaməsi Mərakeşin muxtariyyət planını danışıqlar üçün əsas kimi qeyd edərək, onilliklər boyu “Polisario Cəbhəsi” və müttəfiqlərinin əsas tələbi olan müstəqillik referendumunu faktiki olaraq istisna edir. Beləliklə, beynəlxalq ictimaiyyət regionun öz müqəddəratını Mərakeş suverenliyi altında "genişləndirilmiş muxtariyyət" statusu ilə müəyyən etməsini məqbul sayır. Qətnamə ilə həmçinin Qərbi Sahara bölgəsindəki BMT missiyasının mandatı 2026-cı ilin oktyabr ayınadək uzadılıb.

Mərakeş üçün bu tarixi nailiyyətdən sonra Kral VI Məhəmməd milli televiziya ilə çıxışında BMT TŞ-dəki səsverməni "diplomatiya, müdriklik və səbrin qələbəsi" adlandırıb və Sahara xalqı üçün "geniş hüquqlar və iqtisadi imkanlar" təminatı olan yenilənmiş muxtariyyət planı təqdim ediləcəyini bildirib. O, Əlcəzair Prezidenti Əbdülməcid Tebbuna birbaşa dialoq üçün müraciət edərək, "qonşular arasında soyuq müharibə dövrü keçmişdə qalmalıdır" deyə vurğulayıb.

Hazırkı prosesləri şərh edən əksər ekspertlər Şimali Afrikada güc balansında Əlcəzairin beynəlxalq dəstəyinin zəifləməsi fonunda Mərakeşin diplomatik çeviklik və iqtisadi dinamizm nümayiş etdirdiyini vurğulayırlar. Krallıq bərpa olunan logistika və təhlükəsizlik sahəsində ABŞ və Avropa İttifaqı üçün əsas tərəfdaşa çevrilir. Atlantik okeanı sahili boyunca limanlar mərkəzləri tikilir ki, bu da potensial olaraq Mərakeşi Avropa, Qərbi Afrika və Yaxın Şərq arasında tranzit mərkəzinə çevirə bilər.

Vüqar Orxan