Xəbər verdiyimiz kimi, 30 oktyabr – 2 noyabr tarixlərində Bakıda beynəlxalq rəqs festivalı – “Azerbaijan Dance Festival” keçirilir. Üçüncü dəfə təşkil olunan festival bu dəfə Azərbaycan rəqs sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Təranə Muradovanın 60 illik yubileyinə həsr olunub. Onun rəhbəri olduğu Azərbaycan Rəqs Şurası festivalın təşkilatçılarından biridir. Layihənin digər təşkilatçısı “Smooth & Rhythm Dance Style” (SRDS) şirkətidir.
“Azerbaijan Dance Festival 2025”in təntənəli açılış mərasimində çıxış edən Təranə Muradova qeyd edib ki, Azərbaycan mədəniyyəti və rəqs sənətinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini gördükdə özünü xoşbəxt hiss edir. O, SRDS şirkətinə Azərbaycana və onun mədəniyyətinə göstərdikləri dəstəyə və səmimi sevgiyə görə dərin minnətdarlığını ifadə edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva vurğulayıb ki, dövlət səviyyəsində həyata keçirilən mədəniyyət siyasəti incəsənətin və mədəni dəyərlərin təbliğinə xidmət edən genişmiqyaslı festivalların və təşəbbüslərin reallaşmasına geniş imkanlar yaradır. Təranə Muradova gənc yaşlarından səhnə sənətinin zirvəsinə yüksəlmiş və bütün həyatı boyu ona sadiq qalan nadir ustadlardan biridir.
Festivalda dünyanın 30 ölkəsindən 500-dən çox cütlük və solo ifaçı iştirak edir. Proqram çərçivəsində SRDS şirkəti Bakı tamaşaçılarına, həmçinin Azərbaycanın Xalq artisti T.Muradovanın yubileyinə həsr olunmuş “Night of the Dancing Diamonds” (“Rəqs edən almazların gecəsi”) qala-şousunu təqdim edib.
Səhnədə Rusiya, Böyük Britaniya, İtaliya, ABŞ və Çindən olan ən yaxşı rəqs duetləri çıxış edib. Festival çərçivəsində “World & European Championships”in final çıxışları da olub. Burada rusiyalı rəqqaslar yüksək peşəkarlıq və ustalıq nümayiş etdirərək üç mükafatlı yeri tutublar.
Proqramın xüsusi hissəsini Xalq artisti T.Muradovanın yubileyinə həsr olunmuş təntənəli blok təşkil edib. Yubilyarın şərəfinə Anar Ağayevin ifasında “Mamma” və “Mənim melodiyam” adlı musiqi təbrikləri və kompozisiyalar səsləndirilib.
Gecənin kulminasiyası isə Emin Ağalarovun “Mənim Azərbaycanım” mahnısının müşayiəti ilə nümayiş etdirilən şou olub. Bu kompozisiyanın sədaları altında Təranə Muradova 10 ildən sonra yenidən səhnəyə çıxaraq Denis və Eldar Cəfərovla birgə çıxış edib.
Festivalın məqsədi Azərbaycanın mədəni dəyərlərinin möhkəmləndirilməsi, rəqs idmanının inkişafı və bal rəqslərinin həm də xalqları birləşdirən sənət növü kimi təqdim olunmasıdır.
Festival çərçivəsində açıq beynəlxalq yarışlar, WDC AL dünya və Avropa çempionatları, eləcə də “Ballroom”, “Latin” və “Smooth” istiqamətləri üzrə “Pro-Am” dünya kubokları keçiriləcək.
























