Oktyabrın 31-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) açılış mərasimi keçirilib.

Festival klassikanı və müasirliyi, dünya bəstəkarlarının şah əsərlərini və Azərbaycanın mədəni irsini birləşdirərək ənənə ilə yeniliyin, Şərqlə Qərbin dialoqu üçün məkan yaradır.

Festivalın fəxri səfiri, ssenarist və dramaturq İsmayıl İman jurnalistlərə açıqlamasında qeyd edib ki, layihədə üzrə Bakının aparıcı səhnələrində rejissorlar, xoreoqraflar və teatr truppaları çıxışlar edəcəklər: "Festivalın məqsədi mədəni mübadiləni təşviq edən, müxtəlif icmaları birləşdirən və Bakının beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini gücləndirən bir platforma yaratmaqdır. Belə tədbirlər yaradıcı şəxsləri bir araya gətirir və Azərbaycanın mədəni imicinin möhkəmlənməsinə töhfə verir”.

Özbəkistanlı pianoçu Behzod Abduraimov festivalın əhəmiyyəti barədə danışarkən deyib: “Burada keçirdiyimiz iki məşq yaxşı mənada çox tez keçdi, çünki hər şey rahat şəkildə reallaşdı. Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək və müzakirə etməkdə çox maraqlıyam. Uzun müddətdir ki, Azərbaycana səfərimi səbirsizliklə gözləyirdim. Təəssüratım çox xoşdur”.

Açılış mərasimində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Proqramda Dmitri Şostakoviçin əsərləri, Qara Qarayevin “Don Kixot” süitası və Pyotr Çaykovskinin monumental konserti yer alıb.

Bakı Beynəlxalq İncəsənət Festivalı noyabrın 16-dək davam edəcək.