Tarixdəki olaylar
31 oktyabr 1992 – Ankarada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının ilk zirvə toplantısı (29–31 oktyabr) başa çatıb. Sammitdə türkdilli ölkələrin əməkdaşlıq platforması qurulub. 2009-cu ildə (Naxçıvan sammiti) Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul edilib. Türk Şurası 2010-cu ildə İstanbul sammitində rəsmən təsis olunub. 2021-ci ildən Türk Dövlətləri Təşkilatı adlanır.
31 oktyabr 2003 – Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin rəsmi inauqurasiya (andiçmə) mərasimi keçirilib.
31 oktyabr 2012 – Bakıda görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün abidəsinin (heykəltaraş: Akif Əsgərov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
31 oktyabr 1922 – SSRİ-nin Xalq artisti Anatoli Dmitriyeviç Papanov (1922 – 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.
31 oktyabr 1993 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 20.1.1920 – 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım” və s.
31 oktyabr 1910 – Əməkdar artist Ağa Əsgər oğlu Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.
Hazırladı: Vüqar Orxan






















