Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans təşkil edilib.
Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans Azərbaycanın qədim dövrlərdən bugünədək formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsini genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə yeni tədqiqat istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyır.
Tədbiri muzeyin direktoru Əminə Məlikova açaraq ölkəmizdə bu mövzuda ilk dəfə elmi-praktik konfransın keçirilməsinin əlamətdar hadisə olduğunun bildirib. Qeyd edib ki, xalqımızın zəngin silahdüzəltmə ənənələri minilliklər boyu formalaşsa da, bu sahə müxtəlif səbəblərdən tədqiqatçıların diqqətindən kənarda qalıb. “Azərbaycan Milli Xalça Muzeyi bu sahəyə kompleks yanaşaraq, bugünkü konfransın keçirilməsi ilə yanaşı, muzeyin silah kolleksiyasına həsr olunmuş “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı kataloqu hazırlayıb. Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun müəllifi olduğu kataloqda muzeyin silah kolleksiyasının tarixi, hər bir eksponatın izahı və yüksək keyfiyyətli fotoları yer alır.
Konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında sessiyalar təşkil olunub.
Tədbirdə ölkənin müxtəlif elmi-tədqiqat institutlarının, muzeylərin və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin müstəqil tədqiqatçılar iştirak ediblər. Aparılan fikir və təcrübə mübadiləsi nəticəsində gələcəkdə ortaq elmi layihələrin reallaşdırılması və Azərbaycanın silahşünaslıq irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Konfrans iştirakçıları tədbirin milli-mədəni irsimizin mühüm tərkib hissəsi olan silahşünaslıq sahəsində aparılan tədqiqatların daha sistemli və davamlı şəkildə inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.


























