Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diasporlara Dəstək Fondunun dəstəyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə Zalsburq şəhərindəki Azərbaycan Evində konsert proqramı təqdim olunub.
“44 günün nəğməsi” adlı tədbir Azərbaycan musiqi mədəniyyətinin, milli birliyimizin və Zəfər ruhunun təntənəsinə çevrilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid və cəmiyyətin nümayəndəsi Həcər Bağcı Əzizov 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mənəvi və siyasi əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, 2020-ci ilin Vətən müharibəsi xalqımızın birliyinin, əzminin və yenilməz ruhunun parlaq təzahürüdür. Bu, təkcə hərbi Zəfər deyil, həm də milli kimliyimizin, mənəvi iradəmizin təntənəsidir.
Tədbirdə azərbaycanlı icma üzvləri ilə bərabər, Avstriya vətəndaşları, musiqisevərlər də iştirak ediblər.
Tədbirin bədii hissəsindən əvvəl tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə çıxış edərək Azərbaycanın şanlı Zəfərinin 5-ci ildönümünə həsr olunan musiqi proqramının mənəvi məzmunundan danışıb. O, həmçinin ifa olunacaq əsərlərin yaranma tarixçəsi və Azərbaycan muğam sənətinin xüsusiyyətlərindən bəhs edib.
Əməkdar artist Kamran Kərimov (nağara) və pianoçu Səbinə Məmmədovanın da yer aldığı musiqi proqramında Azərbaycan və Avropa musiqisi nümunələri səsləndirilib.
Sahib Paşazadənin tarda dahi bəstəkar Volfqanq Amadey Motsartın “Rondo” əsərini ifa etməsi isə xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Sonda iştirakçılar Azərbaycan mətbəxi təamlarının dadına baxıblar.























