Tarixdəki olaylar
29 oktyabr 1923 – Türkiyə Cümhuriyyətinin yarandığı elan edilib. Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Qazi Mustafa Kamal ölkənin ilk Prezidenti seçilib.
29 oktyabr 1994 – BMT-nin Baş katibi Butros Butros Qali Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya gəlib. Bu, BMT rəhbərinin Azərbaycana ilk səfəri idi.
29 oktyabr 1994 – Azərbaycan Respublikası ilə Mavritaniya arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
29 oktyabr 1996 – Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan məqbərənin layihə müəllifi Əməkdar memar Rasim Əliyev, heykəltaraşı Xalq rəssamı Ömər Eldarovdur.
29 oktyabr 1933 – Türk satirik yazıçısı Müzəffər İzgü (1933 – 26.8.2017) anadan olub. 100-dən çox kitabı nəşr olunub, 200-dək yumoristik radiopyes yazıb.
29 oktyabr 1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı (1941 – 29.2.2020) Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.
29 oktyabr 1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan






















