Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də
İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq.
Dövlətimizin başçısı daha sonra şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.
Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.
***
Xatırladaq ki, Cəbrayıl şəhərində birinci yaşayış kompleksi 2024-cü ilin oktyabrında istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Birinci yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var.
***
Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub.
“PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü 22,6 metr olacaq.
Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
***
Prezident İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında da iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir.
























