Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib.
Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Kənd 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən kəndin yenidən təməli qoyulub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva 2024-cü il oktyabrın 3-də Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində birinci mərhələdə (94 hektar ərazidə) 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.
Birinci mərhələdə kənddə həmçinin 624 şagird yerlik məktəb binasının, 220 yerlik uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.
Uşaq bağçasında yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları var. Məktəb binasında 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub.
Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.
Kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.
***
Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.



























