Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, görkəmli şair və maarif xadimi Seyid Əzim Şirvaninin (1835 –1888) anadan olmasının 190 illiyi doğma yurdu Şamaxıda qeyd edilib.
Tədbir Seyid Əzim Şirvaninin 190 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində Mədəniyyət Nazirliyi, AMEA və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Qonaqlar əvvəlcə Şaxəndan qəbiristanlığında Seyid Əzim Şirvaninin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzərək onu ehtiramla yad ediblər.
Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə şairin həyat və yaradıcılığı haqqında qısametrajlı bədii-sənədli film nümayiş olunub.
AzTV-nin “Sabah” yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev müəllifi olduğu ekran işinin ərsəyə gəlməsindən danışıb.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şairin yaradıcılığından söhbət açıb, şeirlərindən nümunələr səsləndirib.
Rayonun icra başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış ediblər.
Çıxışlarda Seyid Əzimin maarifçilik ideyaları ilə bağlı yaradıcılığından bəhs olunub, onun Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyi və yaşadığı dövrdə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda fədakar mübarizədə ön sıralarda dayandığı qeyd edilib.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” instrumental ansamblın müşayiəti ilə xanəndələr – Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adgözəlov və Teymur Əziz şairin qəzəlləri üstündə muğam parçaları ifa ediblər. Bədii qiraətçi Hüseynağa Əzizov şairin qəzəllərini səsləndirib.

























