Rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filminin premyerası oktyabrın 27-də Çexiyanın Jihlava şəhərində keçirilən Beynəlxalq Sənədli Film Festivalında keçirilib.

Ekan əsəri tamaşaçılar və kino tənqidçilər tərəfindən maraqla qarşılanıb. Nümayişdən sonra rejissor filmin çəkiliş prosesi haqqında ətraflı məlumat verib və tamaşaçıların suallarını cavablandırıb. 

“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəfovdur. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.

Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmin xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.

Qeyd edək ki, Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də beynəlxalq festivallarda nümayiş edilib.

Rejissorun Jihlava Beynəlxalq Sənədli Film Festivalında iştirakının səfər xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən qarşılanıb. 

29-cu Jihlava Beynəlxalq Sənədli Film Festivalı 24 oktyabr – 2 noyabr tarixlərində keçirilir.