Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi) və "Ana Kür" ədəbi məclisinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, gənc şair Həsən Kürün (1996–2025) xatirəsinə həsr olunan "Mən burda yaxşıyam, sən də yaxşı ol" adlı ədəbi-bədii gecə keçirilib.

Şirvan-Salyan RMİ-nin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şamxal Əhmədov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimli, şair-publisist Zabil Pərviz, "Ana Kür" ədəbi məclisinin sədri Firdovsi Sarvanlı, ARB Televiziyasının əməkdaşı, rejissor Kürçaylı Məmmədov, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva və başqaları Həsən Kürün yaradıcılığından, kitabxanada yaratdığı Xəlil Rza Ulutürk adına dərnəyin fəaliyyətindən söz açıblar.

Natiqlər həmçinin Həsən Kürün Vətən sevgisindən danışaraq bildiriblər ki, o, uşaq yaşlarından şeir yazmağa başlayıb. Şeirlərinin böyük bir hissəsi vətənpərvərlik mövzusunda olub. Onun vətənpərvərlik hisslərinin formalaşmasında Birinci Qarabağ müharibəsində şəhid olmuş dayısı Abbas Həsənov mühüm rol oynayıb. Həsən özü də 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib.

Gecədə çıxış edən qələm yoldaşları və ailə üzvləri Həsən Kürün həyat yolundan bəhs edərək, xatirələrini bölüşüblər.

Mərhum şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Kür 2025-ci il iyulun 7-də vəfat edib.