Tarixdəki olaylar

 

27-29 oktyabr 1993 – Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri, Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu işğal olunub. Zəngilan Azərbaycanın Ermənistan tərəfindən işğal edilən axırıncı rayonu oldu. 27 il sürən işğala 2020-ci ilin Vətən müharibəsində son qoyuldu.

 

27 oktyabr 1999 – Ermənistan parlamentində terror aktı baş verib. Nairi Unanyanın başçılıq etdiyi silahlı dəstə parlamentin iclas zalına daxil olaraq baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, hökumət üzvü və parlamentin deputatı olan daha 6 nəfəri qətlə yetirib. Bu hadisə ilə Ermənistanda daxili siyasi vəziyyət iflic olub. Sifarişçiləri naməlum qalan bu terror aktı o zaman aktiv fazada olan Qarabağ sülh prosesini də dayandırıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

27 oktyabr 1782 – İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini; 1782 – 27.5.1840) anadan olub.

 

27 oktyabr 1883 – Litva şairi və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus; 1883–1973) anadan olub.

 

27 oktyabr 1900 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor, aktyor Mixail İvanoviç Jarov (1900 – 15.12.1981) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1933–1937) çalışıb.

 

27 oktyabr 1931 – Xalq artisti, opera müğənnisi (bariton) Mürsəl Tağı oğlu Bədirov (1931 – 26.2.2003) Dərbənd şəhərində doğulub. 1956-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub.

 

27 oktyabr 1931 – Əməkdar elm xadimi, filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1936–2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

 

27 oktyabr 1932 – Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynalabdin oğlu Zeynallı (5.4.1909 – 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

 

27 oktyabr 1936 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov (1937 – 20.11.2020) Tiflisdə doğulub. Azərbaycan Radiosu və Televiziyasının baş diktoru olub.

 

27 oktyabr 1937 – İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov (1937 – 1.1.2022) anadan olub. 1970–80-ci illərdə SSRİ-nin UNESCO-dakı nümayəndəliyində  çalışıb, 1992–2004-cü illərdə Azərbaycanın təşkilatda daimi nümayəndəsi olub.

 

27 oktyabr 2021 – Əməkdar rəssam, heykəltaraş Zeynalabdin Əli oğlu İsgəndərov (26.7.1949 – 2021) vəfat edib. Görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb.

Hazırladı: Vüqar Orxan