24–31 oktyabr tarixlərində Bakıda növbəti Caz Festivalı keçirilir. Festivalın açılışı mərasimi “Jolly Joker” konsert zalında olub.
Festivalın təsisçisi tanınmış saksafon ifaçısı və bəstəkar Rain Sultanov bu sənət bayramımın iyirmi illik tarixdən danışıb: “Bu gün Bakı Caz Festivalının və onun yubiley ilində danışmaq mənim üçün böyük şərəfdir. Geriyə dönüb baxanda hər şeyin necə başladığını – mərhum Co Zavinulun ilk dəfə festivalımıza gəldiyini xatırlayıram. O vaxt bu, mənim üçün çox böyük məsuliyyət, inanılmaz həyəcan və eyni zamanda xoşbəxtlik idi. İndi o, Vyanadakı tarixi qəbiristanlıqda Bethoven, Ştraus, Brams kimi böyük musiqiçilərin yanında uyuyur”.
Rain Sultanov qeyd edib ki, ötən iyirmi ildə bu layihə musiqidən daha nəhəng bir festivala çevrilib: “Bu, yaradıcılıq, dostluq və birliyin təntənəsidir. Musiqiçilərin, dinləyicilərin və jurnalistlərin ortaq bir həvəsi bölüşmək üçün bir araya gəldiyi bir məkandır. Bu gün festival bütün dünyada çox məşhurdur. Dünyanın bir çox yerindən musiqiçilər bu səhnəyə çıxmağı və bu atmosferin bir hissəsi olmağını xəyal edir. Bu il isə biz həqiqətən də çoxlu maraqlı qonaqlar qarşılayırıq, onların arasında “Euronews” və “Radio Jazz” jurnalistləri, eləcə də beynəlxalq media nümayəndələri də vardır”.
Festivalın ilk konsertində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sənətçiləri çıxış ediblər. DOST mərkəzinin istedadlı nümayəndələrinin çıxışı heç bir sərhəd və məhdudiyyət tanımayan azad cazın simvoluna çevrilib.
Həmin axşam Fatih və Sinem dueti (Türkiyə), Yogev Shetrit Trio (İsrail) və K-ZIA (Almaniya) da “Jolly Joker” səhnəsinə çıxıblar. Əsas konsert proqramından sonra əcnəbi və Azərbaycan musiqiçilərinin iştirakı ilə cem sessiyası olub.
Qeyd edək ki, səkkiz gün davam edəcək festivalda Bakıda dünyanın tanınmış caz musiqiçiləri çıxış edəcəklər. Festivalın proqramına konsertlərlə yanaşı, sərgi, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış musiqi bloqçuları ilə görüşlər də daxildir.























