25 oktyabr Azərbaycanın şan-şərəf təqvimində növbəti əlamətdar gündür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qubadlı şəhərinin işğaldan azad edildiyi gün.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistanın işğalçı qoşunlarını qovaraq, uğurlu döyüş əməliyyatlarını davam etdirən Silahlı Qüvvələrimizin bölmələri Qubadlı şəhərinə 25 oktyabrda axşam saatlarında daxil olmuşdu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu ilk olaraq həmin axşam növbəti qalibiyyət tviti ilə xalqa çatdırmışdı.

Ertəsi gün, oktyabrın 26-da Ali Baş Komandan televiziya ilə xalqa yeni qalibiyyət xəbərli müraciətini etdi.

"Bir aya yaxındır ki, İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik...".

Prezident Ermənistanın 27 il işğal altında saxladığı Qubadlı şəhərinin müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunması ilə bağl müraciətə bu sözlərlə başlamışdı.

Qubadlı Vətən müharibəsində Cəbrayıl, Füzuli və Zəngilandan sonra Azərbaycan əsgərinin ayaq basdığı və bayrağımızı ucaltdığı 4-cü rayon mərkəzi idi. Bu qalibiyyət Ordumuzun Laçın və Şuşa istiqamətlərində irəliləməsi üçün də mühüm zəmin idi.

Vətən müharibəsinin 30-cu günü idi. Böyük Zəfərə 14 gün qalmışdı...

Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamla 25 oktyabr Qubadlı Şəhəri Günü elan olunub.