Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iki gün davam edən imtahanda universitetin müəllimləri, ingilis dilində təhsil alan tələbələr və şagirdlər – ümumilikdə 15 nəfər iştirak edib. İmtahanın ilk günü iştirakçıların dinləmə, oxu və yazı bacarıqları, ikinci gün isə danışıq bacarıqları qiymətləndirilib. Bütün mərhələlərdə imtahan suallarının hazırlanması, təşkili və qiymətləndirilməsi Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilib.

NDU-da 2022-ci ildən fəaliyyət göstərən mərkəzdə indiyədək 350-yə yaxın müəllim, tələbə və şagird beynəlxalq imtahan verib. Mərkəz ingilis dili biliklərinin beynəlxalq meyarlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, iştirakçıları qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Həmçinin iştirakçılar 6.5 və ya daha yüksək nəticə əldə etdikdə imtahan üçün ödənilmiş vəsait onlara geri qaytarılır.

Qeyd edək ki, NDU-nun IELTS Qeydiyyat və imtahan mərkəzində beynəlxalq imtahanlar tələbata uyğun olaraq üç aydan bir keçirilir. Növbəti IELTS imtahanı gələn ilin yanvar ayında baş tutacaq.