Oktyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) İdarə heyətinin iclası keçirilib.

Bu barədə ittifaqdan məlumat verilib.

İclasda Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə, ABİ-nin katibləri – Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşova, sənətşünaslıq elmlər doktoru, dosent Leyla Zöhrabova, idarə heyətinin üzvləri – Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq elmlər doktoru, professor Kamilə Dadaşzadə, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov, sənətşünaslıq elmlər doktoru, professor Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov, bəstəkarlar İlahə Qismət, Vüqar Məmmədzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və musiqişünas Sevda Hüseynova iştirak ediblər.

Firəngiz Əlizadə iclası giriş sözü ilə açaraq bu ilin ilk yarısında keçirilən tədbirlərdən, ittifaqın üzvü olan bəstəkar və musiqişünasların geniş fəaliyyətindən danışıb. ABİ sədri xüsusi olaraq Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları çərçivəsində ənənəvi olataq Bəstəkarlar İttifaqında elmi konfransların, yubiley tədbirlərinin keçirilməsini qeyd edərək, cari ilin ötən dövründə bəstəkar və musiqişünasların həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərdəki çıxışlarından bəhs edib.

Firəngiz Əlizadə bu il ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli – 140 çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” Beynəlxalq Forumunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclasda daha sonra idarə heyətinin üzvləri çıxış edərək keçirilən tədbirlər və nəzərdə tutulan planlar barədə fikir və mülahizələrini bildiriblər.