Tarixdəki olaylar
24 oktyabr 1795 – Polşanın (Reç Pospolita) 3-cü dəfə bölüşdürülməsinə dair Rusiya, Prussiya və Avstriya arasında “Peterburq sazişi” imzalanıb. Polşanın dövlət kimi mövcudluğuna son qoyulub. Polşanın bölüşdürülməsinə dair öncəki iki saziş 1772 və 1793-cü illərdə imzalanmışdı. Reç Pospolitanın tərkibinə daxil olan indiki Litva, Belarus və Ukraynanın bir hissəsi Rusiyanın nəzarətinə keçib.
24 oktyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinin iştirakı ilə Dövlət Teatrının açılışı olub. Hökumətin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən, teatr işi Xalq Maarifi Nazirliyinin sərəncamına verilmiş və mövcud truppalar əsasında Dövlət Teatrının təşkili tapşırılmışdı. Teatrın direktoru Qulamrza Şərifzadə, direktor müavini Zülfüqar Hacıbəyov idi.
24 oktyabr 1929 – Nyu-York Fond Birjasında ABŞ şirkətləri səhmlərinin sürətlə qiymətdən düşməsi ilə ölkə maliyyə böhranına yuvarlanıb. “Qara cümə axşamı” adı ilə tarixə düşən hadisə Amerikada “Böyük depressiya”nın başlanğıcı oldu.
24 oktyabr 1945 – BMT-nin Nizamnaməsi qüvvəyə minib, təşkilat rəsmən fəaliyyətə başlayıb. 1945-ci il iyunun 26-da San-Fransiskoda (ABŞ) keçirilən beynəlxalq konfransda qəbul olunan sənədə 40-dan çox ölkə (o cümlədən SSRİ, ABŞ, Britaniya) imza atmışdı və 29 ölkənin ratifikasiyasından sonra BMT Baş Assambleyasının 1-ci sessiyası işə başladı. Hazırda 193 ölkə BMT-nin üzvüdür.
24 oktyabr 1964 – Britaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Şimali Rodeziya Zambiya adı altında müstəqilliyini elan edib.
24 oktyabr 2002 – Bakıda Hüseyn Cavidin Ev-Muzeyinin açılışı keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 oktyabr 1882 – Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 – 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
24 oktyabr 1882 – Macar bəstəkarı İmre Kalman (1882 – 30.10.1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.
24 oktyabr 1911 – Məşhur rus aktyoru, rejissor, SSRİ Xalq artisti Arkadi İssakoviç Raykin (1911 – 17.12.1987) anadan olub.
24 oktyabr 1923 – Tanınmış aktyor Dadaş Nadir oğlu Kazımov (1923–1992) Bakıda doğulub. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.
24 oktyabr 1924 – Türk dilçi alimi və tarixçisi, İslam elmi, tarixi və mədəni irsi ilə bağlı tədqiqatlar müəllifi Fuat Sezgin (1924 – 20.6.2018) anadan olub.
24 oktyabr 1928 – Xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədov (1928 – 30.8.1993) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlərin, uşaqlar üçün “Tülkü və Alabaş” opera-baletinin müəllifidir.
24 oktyabr 1929 – Musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim Solmaz Cəlal qızı Qasımova (1929-2016) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.
24 oktyabr 1929 – Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov (1929–2018) Gürcüstanın Bolnisi rayonu Faxralı kəndində doğulub. Ədəbiyyat dərsliklərinin müəllifidir.
24 oktyabr 1931 – Əməkdar mədəniyyət işçisi Rimma Əli qızı Abdullayeva (1931–2017) Ağdam rayonunda doğulub. “Azərbaycanfilm” kinostudiyasında film direktoru vəzifəsində işləyib.
24 oktyabr 1934 – Tanınmış arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət Seyfulla oğlu İsmayılzadə (1934 – 1.4.2024) anadan olub.
24 oktyabr 1993 – Xalq artisti, ustad xanəndə, qəzəlxan-şair Hacıbaba Hüseynəli oğlu Hüseynov (15.3.1919 – 1993) vəfat edib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
Hazırladı: Vüqar Orxan























