Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində dahi bəstəkara həsr edilmiş tədbir təşkil olunub.
Tədbir Üzeyir Hacıbəylinin musiqi müəllifi olduğu Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti və musiqisinin inkişafında əvəzsiz xidmətlərindən danışıb, bəstəkara aid muzeydə qorunan eksponatlar haqqında məlumat verib.
Musiqişünas Aytən Adıgözəlova Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından söz açıb.
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirilib.
Məktəbin direktoru Bəhriyyə Allahverdiyeva Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolunu vurğulayıb, onun yaradıcılığının musiqiçi nəsilləri üçün hər zaman örnək olacağını deyib.
Tədbirdə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasının şagirdləri də iştirak ediblər.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi iştirakçılara təşəkkürnamələr təqdim edib.
Tədbirin bədii rəhbəri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədli olub.
























