Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının baş direktoru, Minsk Şəhər Deputatlar Şurasının deputatı Aleksandr Şestakov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıda səfərdə olub.
Səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən teatr rəhbərlərinin iştirakı ilə “Müasir teatr: idarəçilik, maliyyələşdirmə, dövlət dəstəyi və özəl investisiyalar” mövzusunda dəyirmi masa təşkil edilib.
Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının baş direktoru Aleksandr Şestakov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Şəki Dövlət Dram Teatrının direktoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Bakı Uşaq və Gənclər Teatrının direktoru Əməkdar artist İntiqam Soltan, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun nümayəndəsi Günay Hümbətova, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Elçin Cəfərov mövzu ilə bağlı çıxış ediblər.
Müasir teatrda proseslər, problemlər, qarşılıqlı inteqrasiya, mövcud standartlar və müasir texnologiyaların tətbiqi müzakirə edilib.
Görüşdə Aleksandr Şestakova Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr xadimi" medalı təqdim olunub. Qonaq göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Belarusun Yanka Kupala adına Milli Akademik Teatrı arasında bir il öncə əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb. Keçirilən tədbir memorandum çərçivəsində atılan ilk addımdır.