Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi keçirilib.
Kitabxanadan bildirilib ki, müzakirə “Xan” nəşriyyatı və “Azərbaycan oxucuları” kitab klubunun birgə təşkilatçılığı ilə gerçəkıləşib.
Tədbirin fəxri qonağı Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı olub.
Cəfər Cabbarlı yaradıcılığının gənclər arasında təbliği, əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə müxtəlif ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.
Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova iştirakçıları salamlayaraq Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib. O, Respublika Gənclər Kitabxanasının 1937-ci ildən Cəfər Cabbarlının adını daşıdığını diqqətə çatdıraraq böyük ədinin zəngin irsinin təbliğinə hər zaman xüsusi önəm verildiyini vurğulayıb.
Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini bildirib. Ailəsinin xatirələrini dilə gətirərək, Cəfər Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı epizodları bölüşüb. O, müzakirə olunan əsərlərlə bağlı fikirlərini də gənclərin diqqətinə çatdırıb.
Tədbirdə Cəfər Cabbarlının bu gün də aktuallığını itirməyən əsərləri, onların mövzuları və personajları geniş müzakirə olunub.
“Azərbaycan oxucuları” kitab klubunun nümayəndəsi Əfsanə Ağayeva Cəfər Cabbarlının o dövrdə qələmə aldığı, müraciət etdiyi mövzuların, ön plana çəkdiyi problemlərin bu gün də aktual olduğunu və bununla da görkəmli ədibin zəngin irsinin bir klassika, gənclər üçün bir örnək olduğunu qeyd edib.
“Xan” nəşriyyatının nümayəndəsi Aysel Səfərova “Xatirə ədəbiyyatı” silsiləsindən Sona xanım Cabbarlının xatirələri əsasında toplanan “Onu kim unudar?” kitabı, “Sevil” və “Almaz” pyeslərinin nəşrləri haqqında məlumat verib, “Milli klassika” seriyasından çap edilən nüsxələri Qəmər Seyfəddinqızıya hədiyyə edib.
Müzakirələrdə iştirak edən gənclərin Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Kitabxana tərəfindən hazırlanan “Sənəti ilə həyata yol göstərən Cəfər Cabbarlı” adlı videomaterial nümayiş olunub.
Sonda Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib.