Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Türkiyədən gələn qonaqlar – Çanaqqala Barış Xoru ilə birgə konsert proqramı təşkil olunub.

Filarmoniyadan verilən məlumata görə, konsertdən əvvəl Dövlət Uşaq Filarmoniyası və Türkiyə Polifoniya İncəsənət və Xorlar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd gələcək birgə layihələr, konsertlər və yaradıcılıq proqramlarının reallaşması üçün yeni imkanlar yaradacaq.

Konsertdə Çanaqqala Barış Xoru Dövlət Uşaq Filarmoniyasının birləşmiş xor kollektivləri və vokal sinfi ilə eyni səhnəni bölüşüb. Onların ifasında “Dovşan”, “Uşaqların dünyası”, “Barış” və uşaqlar üçün digər sevimli əsərlər səslənib.

Çanaqqala Barış Xorunun bədii rəhbəri Mete Gökçe, dirijoru Seval Yıldız, xormeysteri Sarp Küçükler, Dövlət Uşaq Filarmoniyasının xor kollektivlərinin bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadə, vokal sinfinin müəllimi Leyla Aslanovadır.

Konsertin solistləri Mələkxanım Əsgərova, Yusif Sadıxov və Teymur Qarayev, konsertmeysterlər Şahin Yəhyazadə və Elmira Hümbətova olub. Xor kollektivləri birlikdə Rəna Qədimovanın “Yüksəl, ey Azərbaycan”, Zeki Üngörün “Cumhuriyet marşı”, İlteriş Sunun “Bahar gəlincə” əsərlərini birlikdə ifa ediblər.