Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Gününə həsr olunmuş musiqili-poeziya xeyriyyə konserti keçirilib.
Tədbir Azərbaycan Uşaq Fondu tərəfindən “Modern Poems” ədəbi layihəsi və “Gənc şairlər” uşaq ədəbi layihəsi ilə birgə təşkil olunub. Konsertin əsas məqsədi Azərbaycanın mənəvi-milli dəyərlərinin və mədəni irsinin təbliği, eləcə də xeyriyyə təşəbbüsü çərçivəsində uşaqların dəstəklənməsi olub.
Ədəbi layihələrin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova və Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli çıxış ediblər.
Proqramda şair və tərcüməçi Zaur Cəfərovun anasının xatirəsinə ithafən yazdığı və Azərbaycanın rayon və şəhərlərini tərənnüm edən şeirlər səslənib. Səhnədə “Gənc Şairlər” uşaq ədəbi layihəsinin iştirakçıları və “Modern Poems” layihəsinin müəllifləri çıxış ediblər.
Şeir qiraəti musiqi və rəqs nömrələri ilə müşayiət olunub. Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamova, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Cəfərova, musiqiçi və bəstəkar Murad Muradovun çıxışları, həmçinin Diana Tsurkan və İrina Tsurkanın rəhbərliyi altında “SanSara” Gimnastika, Akrobatika və Rəqs Akademiyası" kollektivinin xoreoqrafik quruluşları təqdim olunub.
İkinci Qarabağ müharibəsi veteranı Elmar Lətifov və Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın çıxışları tamaşaçılarda xüsusi təəssürat yaradıb.
Sonda filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Flora Naci, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bard Ələddin Yaqubov, Azərbaycan Respublikası Vətənpərvərlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Səyavuş Aslanov dəstək sözləri ifadə edib və xoş arzularını çatdırıblar.
Şair Zaur Cəfərov tədbirə göstərdiyi dəstək və köməyə görə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirovaya minnətdarlığını bildirib.
Tədbirdə Xalq yazıçısı Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədov, Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova və digər qonaqlar iştirak ediblər.
Bilet satışından əldə olunan bütün vəsait Azərbaycan Uşaq Fonduna yönəldilib.