Türkiyənin Elazığ Bələdiyyəsi və Elazığ Valiliyinin ev sahibliyi ilə söz-sənət aləmi üçün əlamətdar görüşə çevrilən Türk Dünyası 28-ci Beynəlxalq Xəzər Şeir Axşamları 17-19 oktyabr tarixlərində keçirilib.

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB), Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, TÜRKSOY, Fırat Universiteti, Eltürk-Der və Elazığ Ticarət və Sənaye Palatasının (ETSO) iştirakı ilə gerçəkləşən ənənəvi festival Türk dünyasının şair və sənətçilərini Elazığda bir araya gətirib.

Ahmet Tofiq Ozan Sərgi və Konqres Mərkəzində təşkil olunan poeziya və musiqi şölənində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təmsil olunub.

Azərbaycandan festivalda respublika və beynəlxalq müsabiqələr qalibləri – “Vətən” musiqi qrupunun üzvləri xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov iştirak ediblər.

Alqışlarla qarşılanan konsert proqramının tamaşaçıları arasında Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Erdoğan, Türkiyə Prezidentinin köməkçisi professor Kürşad Zorlu, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Elazığ Bələdiyyəsinin başqanı Şahin Şerifoğulları, Elazığ valisi Numan Hatipoğlu, digər fəxri qonaqlar və rəsmilər, diplomatik nümayəndələr yer alıblar.

Konsertin yekununda “Vətən” musiqi qrupunun üzvləri diplomla təltif edilib.

Qeyd edək ki, musiqiçilərimiz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının müəllimləridir.