Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Milli Kitabxanada təşkil olunan mərasimdə əvvəlcə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" səsləndirilib.
Milli Kitabxanasının direktoru professor Kərim Tahirov giriş sözündə bildirib ki, Üzeyir bəy təkcə musiqişünas-alim və dahi bəstəkar deyil, həm də Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən hər il 18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü kimi qeyd olunur. Bu, eyni zamanda, beynəlxalq musiqi festivalları ilə müşayiət olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq dahi bəstəkarın xatirəsi dünyanın bir çox ölkələrində anılır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin həm xalqımız, həm də musiqiçilərimiz üçün ilham qaynağı olduğunu bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin sənəti tükənməz bir mənbədir. O, Üzeyir Hacıbəylinin irsinin müxtəlif aspektlərini, əsərlərini və elmi-pedaqoji fəaliyyətini əks etdirən bu fundamental biblioqrafiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yalnız Azərbaycanda deyil, həm də beynəlxalq müstəvidə qeyd olunduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. O, Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının dahi bəstəkarın irsinin tanıdılması və tədqiqi baxımından əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, eləcə də xalqımızın milli düşüncəsinin və kimliyinin simvoludur, o, mədəniyyət tariximizdə bir çox ilklərin müəllifi kimi əbədi iz qoyub.
Günay Əfəndiyeva beş il öncə rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə nəşr olunan poçt markasını və Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi “Qarabağın cizgiləri” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov, Xalq artisti, bəstəkar Eldar Mansurov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru professor Gülnaz Abdullazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış ediblər.
Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan musiqi tarixində unudulmaz əsərlər yaratdığını və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını vurğulayıblar. Onlar Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq nəşr olunan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını yüksək qiymətləndirərək kitabxananın təşəkkürlərini bildiriblər.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazasının təqdimatı olub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər kitabxananın saytında müvafiq linkdən istifadə edə bilərlər.