Oktyabrın 18-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında "Gəncliyin sədası" adlı konsert proqramı təqdim edilib.

Filarmoniyadan verilən məlumata görə, konsertdə İnci Həsənli (fortepiano), Surə Rüfət (violin) və Cəlalə İsmayılzadənin (violonçel) ifasında tanınmış Azərbaycan, eləcə də Avropa bəstəkarlarının əsərləri səslənib.

Kifayət qədər təcrübəyə malik gənc ifaçılar indiyədək bir sıra ölkələrdə, beynəlxalq müsabiqə və konsertlərdə uğurla çıxış ediblər. Dövlət Uşaq Filarmoniyasının solistləri olan ifaçılar bu dəfə də klassik musiqi həvəskarlarını sevindiriblər.

Proqramda qeyd olunan əsərlərin hər biri virtuoz ifa bacarığı və dərin emosional duyğuları ifadəsini tələb edən mürəkkəb musiqi nümunələri idi. Hər üç ifaçı bu mürəkkəb əsərləri peşəkarlıqla səsləndirərək tamaşaçıların rəğbətini qazanıblar.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı uşaqlara klassik musiqi dünyasında öz bacarıqlarını nümayiş və inkişaf etdirmək üçün yeni imkanlar yaratmağa davam edir.