Xəbər verdiyimiz kimi, M.T.Sidqi adina Naxçıvan Dövlət Kukla Teatrında “İlk addım” monotamaşalar layihəsi həyata keçirilir.

Teatrdan verilən məlumata görə, layihə çərçivəsində daha iki səhnə əsərinin – “Unuda bilmirəm” və “Səssiz fəryad” monotamaşalarının premyerası olub.

Nümayişdən öncə teatrın direktoru-bədii rəhbəri Səyyad Məmmədov çıxış edərək layihə haqqında məlumat verib. Qeyd edib ki, “İlk addım” layihəsinin məqsədi aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaq, monotamaşa janrını inkişaf etdirmək və teatrda yeni bədii istiqamətlər formalaşdırmaqdır.

Sonra İlqar Babayevin ifasında “Unuda bilmirəm”, ardınca isə Əfqanə Ələsgərovanın ifasında “Səssiz fəryad” monotamaşaları təqdim olunub.

Hər iki səhnə işi emosional təsir gücü, səmimi ifalar və müasir səhnə təqdimatı ilə tamaşaçıların alqış və rəğbətini qazanıb.

Gecənin sonunda keçirilən səhnə dialoqunda tamaşaçılar təəssüratını bölüşərək yaradıcı heyəti təbrik ediblər.

Növbəti premyera teatrda sənətə və yeniliyə həsr olunmuş unudulmaz axşam kimi yadda qalıb.