Ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində muğam konserti təşkil olunub.

Mədəniyyət Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun birgə təşkil etdiyi konsertdə mədəniyyət nümayəndələri, diplomatlar,  İtaliyada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mərkəzin direktor müavini Gülnar Tağızadə konsertin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar keçirildiyini deyib, ölkəmizin zəngin mədəniyyəti və musiqisi haqqında ətraflı məlumat verib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov muğam sənətinin ölkəmzin zəngin və rəngarəng mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan muğam ifaçılığı – xanəndəlik sənəti, həmçinin tar və kamança alətlərinin hazırlanması və ifaçılıq sənətləri UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərləri kimi tanınıb. Muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir.

Muğam televiziya müsabiqəsinin qalibi xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və tanınmış kamança ifaçısı Pərviz Fərhadovun iştirakı ilə konsert proqramı təqdim edilib. Azərbaycan muğamının könül oxşayan nümunələri alqışla qarşılanıb.

Konsertdən sonra Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva bildirib ki, dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın zəngin irsi dünyada tanıdılır. Bu xüsusda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə mədəniyyət mərkəzlərinin yaradılması ölkəmizin mədəniyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına və inkişafına mühüm töhfə verir.

O qeyd edib ki, musiqi xalqlar arasında dostluq və anlaşma körpüsü yaradır, muğam isə Azərbaycanın dünyaya bəxş etdiyi ən nadir incilərdən biridir. Muğam müxtəlif ölkələrdə ifa olunsa da, yalnız Azərbaycanda bu qədər yüksək səviyyədə və mükəmməl formada təqdim edilir.

Bəyimxanım Cavanşirova-Verdiyeva rəhbəri olduğu fondun 2011-ci ildən milli musiqimizin təbliği istiqamətində layihələr həyata keçirdiyini, müxtəlif ölkələrdə tədbirlər və tanınmış sənətkarların yubiley gecələrini təşkil etdiyini deyib.