Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə oktyabrın 16-da Vaşinqtondakı Amerika Universitetinin Katzen İncəsənət Mərkəzində kəlağayı sənətinə həsr olunmuş tədbir təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə gerçəkləşib.
“Kəlağayı – Azərbaycanın ipək qəlbi” sərgisində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş XVIII–XX əsrlərə aid tarixi, həmçinin müasir kəlağayılar, onların hazırlanmasında istifadə olunan naxışlı qəliblər, xam ipək materiallar və saplar sərgilənib. Proqram çərçivəsində həmçinin kəlağayı sənətinə dair xüsusi videoçarx nümayiş olunub, bu mövzuya həsr edilmiş nəşrin təqdimatı keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz haqqında dünyada az adamın məlumatı var idi. Bu gün isə Azərbaycan bir sıra qlobal proseslərin mərkəzində yer alır. Səfir Azərbaycanın müstəqilliyi və mədəni irsi arasında mövcud olan bağlılığı da xüsusi vurğulayıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova 2014-cü ildə kəlağayı sənətinin UNESCO-da Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini bildirib. O, kəlağayının yalnız qadın geyimi və ya tətbiqi sənət nümunəsi deyil, xalqımızın dərin fəlsəfəsini, milli yaddaşını və nəsildən-nəslə ötürülən mədəni irsini təcəssüm etdirdiyini deyib. Ə.Məlikova həmçinin Xalça Muzeyinin kolleksiyasının ilk dəfə Vaşinqtonda sərgiləndiyini diqqətə çatdırıb.
Amerikalı alim Pol Teylor kəlağayının Azərbaycan milli kimliyi üçün əhəmiyyətini vurğulayıb, bu sənət nümunəsindəki simvol və motivlərin müxtəlif formalarda araşdırıldığını, lakin ingilisdilli dünyada kəlağayı haqqında kifayət qədər məlumat olmadığını qeyd edib. Alim bu səbəbdən “Halı” jurnalında kəlağayı sənəti haqqında məqalə yazdığını deyib.
Tədbirin bədii hissəsində ABŞ-də yaşayan Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Nərgiz Əliyarovanın ifasında musiqi proqramı təqdim olunub. Proqramda Üzeyir Hacıbəylinin “Cəngi” əsəri, Lala Cəfərovanın Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında bəstələdiyi “Fantaziya”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən musiqi parçaları, Faiq Sücəddinovun “Vətən balladası” və “Sarı gəlin” Azərbaycanın xalq mahnısı səsləndirilib.