Azərbaycan Dövlət Yuğ Teatrı Meksikada 10-18 oktyabr tarixlərində keçirilən “Kimera” 35-ci Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında (The Quimera International Festival of Art and Culture) iştirak edib.

Meksikanın Metepek Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilən festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası oktyabrın 16-da böyük uğurla nümayiş olunub.

“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğaç” boyu əsasında hazırlanan bu tamaşa oktyabrın 16-da “Teatro Quimera”nın səhnəsində təqdim edilib. Qeyd etmək lazımdır ki, bu, əlyazmanın orijinalında – oğuz dialektində səhnələşdirilən yeganə tamaşadır.

Tamaşanın quruluş müəllifi Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, səhnə tərtibatçısı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əməkdar artist Anar Mikayılovdur. Musiqi tərtibatı İffət Əsgərova məxsusdur.

Tamaşada (iki heyətdə) rolları Yuğ Teatrının aktyorları – Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı, həmçinin Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova, Vüqar Hacıyev ifa edirlər. 

Mikayıl Mikayılov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, bu, Azərbaycanın “Kimera” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ilk iştirakıdır. Üstəlik, ölkəmiz milli teatr tarixində ilk dəfə Meksikada təmsil olunur.

Yuğ Teatrı ölkəmizin incəsənətini təmsil etməkdən şərəf duyur. Bu, çox mühüm tarixi məqamdır. Teatrımızın poeziyası və üslubu Meksika mədəniyyətində dərin köklərə malikdir. Yuğ Teatrının formalaşma illərində biz digər vasitələrlə yanaşı, Meksika şaman ayinlərindən də istifadə edirdik və bu, bizim üçün ilham mənbəyi idi. İndi, ilk dəfə olaraq, böyük məsafə qət edərək buraya, okeanın o tayına gəlmişik. Bu, sözsüz ki, bütün kollektiv üçün həyəcanvericidir. Yeri gəlmişkən, bu mədəniyyət hadisəsi teatrımızın yaradıcısı mərhum Vaqif İbrahimoğlunun doğum gününə (18 oktyabr) təsadüf etdi”.

Baş rejissorun sözlərinə görə, festivala hazırlıq gərgin şəraitdə keçib. Onlar səhnələri qurmalı və tamaşanı onun premyerası gözlənilən Gənc Tamaşaçılar Teatrının səhnəsinə uyğunlaşdırmalı idilər. Mikayıl Mikayılov izah edib ki, aktyorların Meksika festivalında tamaşanı oynadıqları səhnə təxminən Gənc Tamaşaçılar Teatrındakı səhnə ilə eynidir və bu, onların adaptasiyasını asanlaşdırır. Nəzərə alsaq ki, Azərbaycanın teatr kollektivinin tamaşaya hazırlaşması üçün cəmi bir gün yarım qalıb, bu, onun işini xeyli yüngülləşdirib.

Həmsöhbətimiz “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının beynəlxalq festivallarda nümayiş etdirilməsinin əhəmiyyətini də vurğulayıb.

O qeyd edib: “Bu, bizim mədəniyyətimizin, türk mədəniyyətinin özəyidir. Bu cür tamaşalar türk etnik qrupunun özünəməxsusluğunu əks etdirdiyi üçün müxtəlif ölkələrdə göstərilməlidir. Düşünürəm ki, bu, xarici tamaşaçıların böyük marağına səbəb ola bilər. Mədəniyyətimizi, ədəbiyyatımızı, mifologiyamızı təqdim etmək çox vacibdir”.

Hə il keçirilən “Kimera” 35-ci Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı 1990-cı ildən təşkil edilir. Festivalda konsert proqramları, teatr tamaşaları, incəsənət, foto, kitab sərgiləri, milli mətbəxin təqdimatları nəzərdə tutulur. Meksikanın ən nüfuzlu tədbirlərindən biri hesab edilən festival bu il təxminən yarım milyon ziyarətçi cəlb edib.