Azərbaycan təsviri sənəti hər zaman gənc və parlaq istedadları ilə seçilib. Milli dəyərləri qoruyan, eyni zamanda sənətə yeni nəfəs gətirən gənclərin yaradıcılığı  mədəni irsimizi zənginləşdirir. Sənət axtarışları ilə fərqlənən gənc rəssam Nərmin Abdullayeva da bu istedadlı nəsil arasında xüsusi yer tutur. Onun yaradıcılığı milli ruhla müasir duyumun vəhdətini təcəssüm etdirir.

Nərmin Rasim qızı Abdullayeva 1986-cı il iyulun 9-da Bakı şəhərində anadan olub. 212 saylı orta məktəbdə təhsil almağa başlayıb. Hələ uşaqlıq illərindən incəsənətin müxtəlif sahələrinə, xüsusilə rəssamlığa böyük maraq göstərib. Bu marağın arxasında ən böyük dəstəkçisi anası, “Çiçəyim” uşaq teatrının rejissoru və ssenari müəllifi, Əməkdar incəsənət xadimi Rəna Kərimova olub. Özünün reallaşmamış arzularını qızında görən Rəna xanım balaca Nərminin ilk müəllimi, yol göstərəni olmuş, rənglərin sehrini ona sevdirə bilmişdir. 5-ci sinifdən İncəsənət Gimnaziyasında təhsilini davam etdirən Nərmin beynəlxalq uğurlar qazanmağa başlayıb. 1999-cu ildə Yaponiyanın Kanaqava şəhərində keçirilən rəsm müsabiqəsində birinci yerə layiq görülməsi onun gələcək uğurlarının müjdəçisi olub.

Nərminin 12 yaşında Tofiq İsmayılov adına “Uşaq dünyası” qalereyasına yazılması yaradıcılıq yolunda mühüm mərhələ olub. Burada Rəhilə Məmmədzadənin rəhbərliyi ilə rəssamlıq təhsili alıb. Həmin qalereyada keçirilən ilk fərdi sərgisi isə Nərminin sənət yolundakı əzmkarlığının başlanğıcı kimi yadda qalıb. O illərin xoş xatirələrini yada salan Nərmin deyir:

“10–11 yaşım olardı. Sevdiyim mövzulardan biri olan milli dəyərlərimizi əks etdirən “Novruz” bayramı ilə bağlı sərgi-müsabiqə keçirilirdi. Mən bu sərgidə “Qulaq falı” adlı tablomla iştirak etdim. Bu əsərdə mən anamı natura kimi təsvir etmişdim. Əsərim üçüncü yerə layiq görülmüşdü və mənə mükafat təqdim edən Xalq rəssamı Arif Hüseynov idi. Həyatımın sonraki mərhələsində də qarşılacağım və yaradıcılığına heyran olduğum böyük rəssamdan mükafat almaq mənim üçün olduqca qürurlu və əvəzsiz hiss idi”.

2004-cü ildə İncəsənət Gimnaziyasını bitirən Nərmin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Bədii toxuculuq fakültəsinə daxil olub və batika üzrə təhsil alıb. Akademiyanı bitirərkən diplom işi kimi “Novruz bayramı” mövzusunu seçib. Əsərində çərşənbələri qadın obrazlarında canlandırıb. Müəllimləri tərəfindən yüksək qiymətləndirilən bu əsər gənc rəssamın konseptual düşüncə tərzini nümayiş etdirib.

2008-ci ildə bakalavr təhsilini bitirən Nərmin teatr-dekorasiya ixtisası üzrə magistraturaya qəbul olunub. Onun bu sahəni seçməsi təsadüfi deyildi. Nərmini teatra bağlayan dərin səbəblər vardı. Hələ 9 yaşında ikən o, anasının təsis etdiyi “Çiçəyim” uşaq teatrının ilk üzvlərindən biri olub, qardaşı ilə birlikdə müxtəlif tamaşalarda iştirak edib. Gimnaziyada təhsil aldığə illərdə moda dərsləri də alan Nərmin teatrın üzvü olan uşaqlar üçün geyimlər hazırlayaraq öz yaradıcılığını geyim dizaynı sahəsində də sınayıb. Onun kolleksiyalarından ibarət moda nümayişləri uğurla təqdim olunub. Bütün bunlar gənc rəssamın teatr sevgisinin artmasında böyük önəm daşıyırdı.

Nərmin Abdullayeva magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. Həmin dövrdə Azərbaycan Televiziyasında Xalq rəssamı Arif Hüseynovun aparıcılığı ilə yayımlanan “Dərsdən sonra” verilişinə qonaq kimi dəvət alıb. Çəkiliş zamanı yaradıcı heyət onun təbii səmimiyyətini və biliklərini bəyənərək, verilişin Arif müəllimlə birgə aparıcısı olmasını təklif edib.

Nərmin Abdullayeva bir çox layihələrin iştirakçısı, rəssamı və illüstratoru kimi fəaliyyət göstərib. Onun illüstrasiya etdiyi əsərlərdən biri də Zahirə Cabirqızının müəllifi olduğu, Qarabağ mövzusuna həsr olunmuş nağıllar toplusudur. “Təhsil” nəşriyyatında çap olunan bu kitab Moskvada keçirilən Birinci Beynəlxalq Kitab Festivalında mükafata layiq görülüb və müəlliflə birgə Nərmin xanım da festivala xüsusi dəvət alıb.

Rəssamın yaradıcılığı ölkə sərhədlərini aşaraq beynəlxalq sərgilərdə də nümayiş etdirilib. O, Niderlandda keçirilən “Türk dünyası” adlı sərgidə, eləcə də Avstriyanın Vyana və Türkiyənin Ankara şəhərlərində təşkil olunan sərgilərdə əsərlərini təqdim edib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nərmin Abdullayeva 2012-2014-cü illərdə gənclər üçün Prezident təqaüdünə layiq görülüb. Bu təltif onun qazandığı uğurların dövlət səviyyəsində də yüksək qiymətləndirildiyini göstərir.

Təbiətdən – torpaqdan, havadan, sudan, çiçəklərdən və canlılardan ilham alan rəssam bu duyğuları rənglərin harmoniyasında canlandırır. Tələbəlik illərindən 3 saylı Uşaq-gənclər inkişaf mərkəzində də çalışan Nərmin Abdullayeva pedaqoq kimi yüzlərlə şagird yetişdirib. Onun yetirmələri Türkiyə, ABŞ, Yaponiya, Çin, Hindistan, Rusiya, Yunanıstan, Misir, Çexiya, Polşa, Avstriya və digər ölkələrdə keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülüblər.

Rəssamın şagirdləri ilə birgə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda təşkil etdiyi “El bilir ki, sən mənimsən” adlı sərgisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. İçərişəhərdəki “Zaman Art Gallery”də keçirilən fərdi sərgisi isə rəssamın sənət dünyasının rəngarəngliyini və daxili duyum zənginliyini nümayiş etdirib.

Daim yaradıcılıq axtarışında olan Nərmin Abdullayeva yaradıcılığını milli köklərə bağlayaraq təqdim edən bir rəssamdır. O həm öz əsərləri, həm də yetişdirdiyi gənc nəslin uğurları ilə Azərbaycan incəsənətinə dəyərli töhfələr verir. İtaliyada Palazzo Mandrilli qalereyasında sərgi keçirməyə hazırlaşan Nərmin Abdullayevanın həyat və yaradıcılıq yolu bir daha sübut edir ki, sənətə sevgi və zəhmət olduqca, rənglərin dili heç vaxt solmayacaq.

 

Ziyarət Cabarova Qəhrəmanova

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi