Tarixdəki olaylar
17 oktyabr 2020 – Azərbaycan Silahlı Qüvvələri Füzuli şəhərini Ermənistanın işğalından azad edib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla 17 oktyabr Füzuli Şəhəri Günü elan edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
17 oktyabr 1849 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin; 22.2.1810 – 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata və digər janrlarda əsərlərin müəllifidir.
17 oktyabr 1915 – Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller; 1915 – 10.2.2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.
17 oktyabr 1915 – Azərbaycanın Xalq artisti, kinooperator, rejissor Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-45) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.
17 oktyabr 1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 – 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 – 7.1.1999) anadan olub. “Güllələr dənizdə sönür”, “Qızıl yəhərli at” və s. kitabların, “Vulkana doğru” filminin ssenari müəllifidir.
17 oktyabr 1949 – Dilçi alim, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (1949 – 22.7.2016) Bakıda anadan olub.
17 oktyabr 2003 – Şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 – 2003) vəfat edib. Bir çox şeirlərinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.
Hazırladı: Vüqar Orxan