
Azərbaycan Bəstəkarlar İttifaqı ustad tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyevin vəfatı ilə bağlı sənətkarın ailəsinə başsağlığı verib.
Bununla bağlı ittifaqın adından yayılan məlumatda qeyd olunur ki, Ramiz Quliyev uzun illər həm ifaçılıq, həm də pedaqoji fəaliyyəti ilə Azərbaycan musiqi sənətinə böyük töhfələr verib. Ustad tarzən respublikada, həm də onun hüdudlarından kənarda solo konsertlərlə çıxış edib, müsabiqə və festivallarda mükafatlara layiq görülüb. O, 2009-cu ildə Rusiyanın Kalininqrad şəhərində keçirilən festivalda XXIV Beynəlxalq “Kəhrəba boyunbağı” adlı xüsusi diplomu, 2006, 2010 və 2014-cü illərdə İranın paytaxtı Tehranda Fəcr Beynəlxalq Musiqi Festivalında “Qızıl çəng” mükafatı, 2017-ci ildə Kanadanın Toronto şəhərində keçirilən incəsənət festivalının mükafatı ilə təltif olunub.
1974–1992-ci illər ərzində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi fəaliyyət göstərən, 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edən Ramiz Quliyevin sinfini bitirmiş tələbələr Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər, fəxri adlara və elmi dərəcələrə layiq görülüblər.
Ramiz Quliyev Azərbaycan və xarici bəstəkarlarının bir sıra əsərlərini tar üçün işləyib, nota köçürüb, həmçinin bir sıra dərslik, proqram, elmi məqalə və metodiki tövsiyələrin müəllifidir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, ittifaqın katibləri və üzvləri Ramiz müəllimə Tanrıdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!