Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Balet günləri” adlı yeni layihəyə başlayıb.
Oktyabrın 15-də Heydər Əliyev Sarayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” tamaşasının nümayişi ilə layihənin açılışı olub.
Tamaşa axşamı dirijor pultunun arxasında Xalq artisti Cavanşir Cəfərov olub. Əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar) və Nigar İbrahimova (Şəhrizadə) ifa ediblər. Rəqs partiyalarında çıxış ediblər: Nuridə – Liya Praqa, Nuridənin sevimli qulu – Seymur Qədiyev, Sindbad – Timur Oduşev, Qız – Dinara Məmmədova, Ruh quşu – Andrey Lobaçev, Ələddin – Seymur Qədiyev, Budur – Nigar Əliyeva, Cadugər – Rüstəm Hacıyev, Cin – Faiq Qubadov, Mərcanə – Liana Berianidze, Quldurbaşı – İslam Məmmədov, Əlibaba – Aydın Mustafayev.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baletinin ilk tamaşası 15 iyun 1979-cu ildə olub. Baletin librettosunu “Min bir gecə” nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar yazıb. Xoreoqrafik quruluşu Nailə Nəzirova, səhnə tərtibatını Toğrul Nərimanbəyov verib. 1980-ci ildə baletin yaradıcıları (bəstəkar, baletmeyster, rəssam, baş rolların ifaçıları) SSRİ Dövlət mükafatına layiq görülüblər.
Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti, dünyaca məşhur vokalçı Yusif Eyvazov deyib: “Teatrımızın bu il təqdim etdiyi yeni “Balet günləri” layihəsi bu sənəti sevənləri bir araya gətirmək üçün növbəti fürsətdir. Milli baletimizə yeni tamaşaçılar cəlb etmək üçün daha bir imkandır. Təkcə bu deyil... Bu, bizim solistlərə “Balet günləri”ndə ictimaiyyətin diqqətini məhz baletə yönəltmək imkanı verir”.
Yusif Eyvazov bir neçə ay öncə teatrın layihəsi üzrə “Opera günləri”nin böyük uğurla keçdiyini diqqətə çatdırıb: "Biz gördük ki, bu cür layihələr sadəcə həyata keçirilmir, həm də böyük maraq doğurur. Ona görə də biz bu layihəni gələcəkdə də davam etdirəcəyik və əlbəttə ki, məqsədimiz gənc nəsil tamaşaçılar arasında bu sənətə diqqəti mümkün qədər daha çox cəlb etməkdir. Çünki biz bu janrın hər şeydən üstün olduğuna inanırıq. Bu, gənc nəslin mədəni inkişafı üçün olduqca vacibdir, həmçinin istənilən ölkədə müasir cəmiyyətin mühüm tərkib hissəsidir. Klassik musiqi hər zaman ön planda olmalıdır. İstənilən cəmiyyətdə. İstənilən ölkə üçün bu, təhsil, səhiyyə və mədəniyyətə əsaslanan ahəngdar sosial inkişafın ən mühüm komponentlərindən biridir. Burada söhbət çox sadədir və hesab edirəm ki, bizim gənc nəslə, bu tədbirlərə gələn tamaşaçılara hansı mesajı çatdırmaq istədiyimiz tam aydındır. Bu tədbirlərin, layihələrin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Artistlərimiz hazırlaşır və gələcəkdə belə layihələrin daha çox olması üçün əlimizdən gələni edəcəyik və onları həyata keçirməkdən məmnun olardıq”.
Qeyd edək ki, noyabrın 11-dək davam edəcək layihə üzrə teatrın repertuarından seçilmiş balet tamaçaların nümayişi ilə yanaşı, tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri, akademik və ictimai müzakirələr də nəzərdə tutulub.
“Balet günləri” layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli-mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.