
Xəbər verdiyimiz kimi, 13-15 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərliyi ilə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Oktyabrın 13-də Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş olub.
Qonaqları salamlayan nazir Adil Kərimli Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb. 2025-ci ilin avqust ayında Türkmənistanda Azərbaycan Milli Gününün uğurla keçirildiyini xatırladan nazir bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.