Qaziantep Böyükşəhər Bələdiyyəsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təsis etdiyi “Avropa Mükafatı"na layiq görülüb. Mükafat Qaziantep Böyükşəhər Bələdiyyə başqanı Fatma Şahinin vizyonu ilə həyata keçirilən davamlılıq, ətraf mühit, mədəniyyət və həmrəylik əsaslı səylərinə verilən qiymətdir.
Mükafatın təqdim edilməsinə həsr olunmuş mətbuat konfransında Türkiyənin hökumət rəsmiləri, millət vəkilləri, AŞPA nümayəndələri iştirak ediblər.
AŞPA tərəfindən 1955-ci ildə təsis edilən mükafat hər il Avropa idealını ən fəal şəkildə təbliğ edən şəhərlərə verilir.
Başqan Fatma Şahin mərasimdəki çıxışında Qaziantepin bu böyük uğuru qardaşlıq və həmrəylik anlayışı ilə əldə etdiyini söyləyib. O xatırladıb ki, bu il "Avropa Mükafatı" uğrunda yarışma Qaziantep, Almaniyanın Auqsburq və Münster, Litvanın Birştonas, Polşanın Plonsk və Ukraynanın Vinnitsa şəhərləri arasında keçib. Vinnitsa və Qaziantep finala yüksəlib.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay AŞPA-nın qərarının məqsədəuyğunluğunu bildirib. O, Qaziantepi “mədəniyyətlər mozaikası” və “sülh platforması” adlandırıb.
Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay Qaziantepin qazandığı mükafatın Türkiyənin Avropa qurumlarında yerini gücləndirən mühüm addım olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edib.
Qeyd edək ki, Qaziantep şəhəri paytaxt Bakı ilə qardaşlaşmağa hazırlaşır.
Mehparə Sultanova
Ankara