Türkiyənin İğdır Universitetində “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Tədbir Azərbaycanın İğdırdakı Baş Konsulluğunun təşəbbüsü, “İğdır Azərbaycan Evi”, eləcə də İğdır Universiteti və Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə gerçəkləşib.

Konfransın fəxri qonağı görkəmli qorqudşünas alim, dastanla bağlı elmi-tədqiqat, eləcə də bədii əsərlərin müəllifi, akademik, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla olub. O, Türk dünyasının mədəni irs xəzinəsində müstəsna yeri olan "Kitabi-Dədə Qorqud" eposunun elmi və mənəvi əhəmiyyətindən söz açıb, konfransın təşkilatçılarına təşəkkür edib.

Akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr edilmiş videoçarx təqdim olunub.

Müzakirələrdə Azərbaycanın İğdırdakı baş konsulu Zamin Əliyev, İğdır valisi Ercan Turan, İğdır Universitetinin rektoru Ekrem Gürel və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev də çıxış ediblər.

Vali Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kod"u adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bugünədək öz əhəmiyyətini itirməyib”, – deyə o qeyd edib. O, Türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E.Turan Türkiyə və Azərbaycan Prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib. Bildirib ki, dastanda yer alan ideyalar türklərin ailə və cəmiyyətə münasibətini əks etdirir, Türk dünyasının ümumi düşüncə və baxışlarını ifadə edir: “Səmimi qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında “Dədə Qorqud”un Türk dünyasını birləşdirən unikal irs olduğunu diqqətə çatdırıb. O, gəncləri zaman sınağından çıxmış bu məşhur dastanı öyrənməyə və yüksək dəyərləndirməyə çağırıb.

Azərbaycanın İğdırdakı baş konsulu Zamin Əliyev qeyd edib ki, "Dədə Qorqud" təkcə ədəbi əsər deyil, milli kimliyimizin və mənəvi irsimizin ən mühüm ünsürlərindən biridir. Dastan türklərin vəhdətini və ortaq dəyərlərini təbliğ edir. O, xatırladıb ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib:  “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”.

“İğdır Azərbaycan Evi”nin rəhbəri Ziya Zakir Acar çıxışında bildirib ki, “Dədə Qorqud” dastanı təkcə Azərbaycanda deyil, Türkiyədə də nəsildən-nəslə öyrənilib və yaşadılıb. Bu əsər xüsusən də İğdır əhalisinə yaxşı tanışdır. Türk milli kimliyini formalaşdıran əsas dəyərlər olan ailə, torpaq sevgisi, igidlik, qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı bütün bunların hamısı ‘Dədə Qorqud’un səhifələrində öz əksini tapır.

Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiyada işini davam etdirib.