
Şəki Dövlət Dram Teatrında yeni səhnə əsərinin – Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın“ pyesi əsasında eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov, Yaqub Lətifzadə ifa edəcəklər.
Teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədovanın bildirdiyinə görə, tamaşanın noyabrda sənətsevərlərə təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, Əli Əmirlinin 1999-cu ildə yazıdığı “Varlı qadın“ pyesini ilk dəfə Dövlət Gənclər Teatrında mərhum rejissor Hüseynağa Atakişiyev tamaşaya qoyub. Əsər indiyədək Azərbaycanda, eləcə də ölkəmizdən kənarda müxtəlif teatrlarda səhnələşdirilib.
"Varlı qadın" böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığından bəhs edir. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər, həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar.