Oktyabrın 9-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 sentyabr tarixli Sərəncamı və qarşıda duran vəzifələr barədə danışıb. Qeyd edib ki, sərəncama əsasən Ədəbiyyat İnstitutunda “Azərbaycan” jurnalı ilə birgə Xalq yazıçısı Yusif Səmədoğluya həsr olunan elmi sessiyanın keçiriləcək və tədbirin materialları jurnalda dərc olunacaq. Yusif Səmədoğlunun dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayələri, romanları ilə ədəbi prosesdə silinməz iz qoyduğunu vurğulayan İsa Həbibbəyli “Qətl günü” romanının yazıçıya Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırdığını söyləyib.

Sonra institutun Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva 2025-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib. Bildirib ki, cari ildə 12 yerə ümumilikdə 23 nəfər namizəd sənəd verib və onlar xarici dil imtahanına buraxılıb. Xarici dil imtahanında iştirak edən 23 nəfərdən 9-nun nəticəsi məqbul hesab edilərək növbəti mərhələyə buraxılıb. “Azərbaycan ədəbiyyatı” ixtisasına 2 nəfər, “Ədəbiyyat nəzəriyyəsi” ixtisasına 1 nəfər, “Türk xalqları ədəbiyyatı” ixtisasına 1 nəfər, “Dünya ədəbiyyatı” ixtisasına 3 nəfər qəbul edilib.

Akademik İsa Həbibbəyli bu il fəlsəfə doktorluğu hazırlığı üzrə Ədəbiyyat İnstitutuna qəbul olunan doktorantlarla tanış olub, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Daha sonra elmi katib dosent Aygün Bağırlı çap və müsabiqə məsələləri ilə bağlı çıxış edib.

“Tuti” (1914-1917) jurnalının müasir əlifbada, Əzizullah Aralın “Əfqanıstanda Nəvaişünaslıq (mənbələrin təsviri və təhlili)” monoqrafiyasının, dosent Safurə Quliyevanın “Ədəbi yaddaş – əbədi yaddaşımız”, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Ədəbiyyat İnstitutu 2013-2017-ci illərdə”, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Dilarə Adilovanın “Söz səfərinin sarvanları” kitablarının, eləcə də Uşaq ədəbiyyatı şöbəsində hazırlanan “Uşaq ədəbiyyatında Zahid Xəlil imzası” monoqrafiyasının və dosent Solmaz Həyatovanın “Süleyman Sani Axundovun həyatı, mühiti və yaradıcılığı” monoqrafiyasının “Sənətkarın elmi pasportu” seriyasında çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.