Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 60-dan çox əsər nümayiş olunur. Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun həm klassikaya çevrilmiş, həm də son illərdə ərsəyə gətirdiyi qrafika və rəngkarlıq əsərlərini əhatə edir.

Sərginin açılışında Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Xalq rəssamları Arif Hüseynov, Salhab Məmmədov, Fuad Salayev, Əməkdar incəsənət xadimi Validə Məmmədova və başqa çıxış edənlər sənətkarın yaradıcılığınfdan, Azərbaycan təsviri sənətinə töhfələrindən, pedaqoji fəaliyyətindən danışıblar.

Sonda çıxış edən Arif Ələsgərov yaradıcılığı haqqında səslənən fikirlərə və sənətə verilən dəyərə görə təşəkkürünü bildirib.

Sərgidə müəllifin qrafika və rəngkarlıq işlərində sadə insanların həyatı, nəsillərarası münasibətlər, sevgi, varlığın mənası və başlanğıcı kimi mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında xüsusi yer tutan İçərişəhər rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir.

“Köhnə bakılı: həsrət və duyğular” sərgisi oktyabrın 26-dək baxış üçün açıq olacaq.