Oktyabrın 8-də AMEA-da ingilis dilində nəşr edilmiş “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.
AMEA-dan bildirilib ki, kitab Arxeologiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.
Əvvəlcə tədbir iştirakçıları professor Əsədulla Cəfərovun Azərbaycanın, Qafqazın, Avropanın daş dövrü və ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərinə, eləcə də Qarabağın ən qədim tarixinə aid yazdığı kitablardan ibarət sərgi ilə tanış olublar.
Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın əhəmiyyətini qeyd edib. Bildirib ki, bu monoqrafiya 2021-ci ildə – Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu nəzərə alan Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
İngilis dilində nəşrin ilk təqdimatının 2025-ci ilin mart ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirildiyini xatırladan akademik bunu Azərbaycan elminin beynəlxalq aləmdə təbliği baxımından yüksək qiymətləndirib.
AMEA rəhbəri Azıx mağarasının təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, 1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Qarabağ ərazisində aparılan tədqiqatlar nəticəsində bu mağaranın kəşf edildiyini bildirib.
Professor Əsədulla Cəfərovun şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər salan akademik İsa Həbibbəyli onun “Qarabağın paleolit düşərgələri” adlı kitabını xüsusi qeyd edib. Bildirib ki, Qarabağın Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunan bu nəşr bugünkü və gələcək nəsillər üçün dəyərli mənbədir. Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni “tədqiqatçıların” fikirlərinin elmi əsasının olmadığı faktlarla təsdiq edilib.
AMEA rəhbəri qeyd edib ki, Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də Azıx mağarası olub. Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Azərbaycan Prezidentinin tapşırığı ilə toplanmış materiallar əsasında Baş Prokurorluq tərəfindən bu istiqamətdə cinayət işi başlanılıb, Azıxın qədimliyinin Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq qurumlara müraciətlər olunub.
Qarabağın bütün əraziləri kimi, Azıxın da işğaldan azad olunduğunu söyləyən akademik İsa Həbibbəyli hazırda həmin tarixi abidələrdə Yaponiya, Danimarka və digər ölkə alimlərinin birgə iştirakı ilə geniş tədqiqatlar aparıldığını bildirib. O, tarixi sərvətimiz olan Azıx mağarası ilə bağlı yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib, tədqiqatçılara bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə edib.
Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu deyən İsa Həbibbəyli sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, deputat, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və başqaları çıxış edərək bildiriblər ki, ingilis dilində nəşr edilmiş əsər təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir.
Çıxışlarda ömrünü elmə həsr etmiş professor Əsədulla Cəfərovun arxeoloji tədqiqatlarından bəhs olunub. Vurğulanıb ki, alim Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi ilə arxeoloji ekspedisiya Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf edib.
Sonda kitabın həmmüəllifi professor Əsədulla Cəfərov elmi tədqiqatlarından söz açıb, nəşr haqqında öz fikirlərini bölüşüb.