ABŞ-nin Nyu-York şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Firuzə: Musiqi mozaikası” adlı konsert keçirilib.

Tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarovanın təşəbbüsü, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən konserti Azərbaycan, Türkmənistan, Türkiyə və Qazaxıstanın BMT yanında daimi nümayəndəliklərinin rəhbərləri, diplomatlar, eləcə də azərbaycanlı icmasının üzvləri izləyiblər.

Gecədə pianoçu Nərgiz Əliyarova və skripkaçı Karen Bentli Pollik çıxış ediblər.

Müxtəlif mədəniyyətləri musiqi vasitəsilə bir araya gətirmək məqsədilə təşkil olunan proqramda Azərbaycandan Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə, Lalə Cəfərova, Türkmənistandan Nuri Halmammedov, Özbəkistandan Dilorom Amanullayeva, Qırğızıstandan Nurlan Moldobasanov, İrandan Aria Torkanbouri və Türkiyədən Fazıl Say kimi bəstəkarların əsərləri, qazax xalq mahnısı “Yapıray” ifa olunub.

Konsertin sonunda Nərgiz Əliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.