Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinə yekun vurulub.
Builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzu-şüarı ilə keçirilib.
Yeddi gün (1-7 oktyabr) ərzində sərgidə müxtəlif formatlarda 250-dən çox tədbir – kitab təqdimatları, imza günləri, konfranslar, qiraət saatları, eləcə də kitab sənayesinin nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil olunub.
Sərgiyə gələnlər kitab bazarındakı ən son nəşrlərlə tanış olmaq, müəlliflər və naşirlərlə ünsiyyət qurmaq, həmçinin sənaye peşəkarları arasında canlı fikir mübadiləsinin şahidi olmaq imkanı əldə ediblər.
Sərgiyə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, tanınmış gənc müəlliflər, eləcə də Türkiyə, Argentina, Böyük Britaniya, Litva, Qətər və digər ölkələrdən yazarlar qatılıb.
20-dən çox ölkənin təmsil edildiyi XI Bakı Beynəlxalq Kitab Sərgisində "fəxri qonaq ölkə" Qətər olub.
Sərginin son günü mükafatlandırma mərasimi keçirilib. Ən fəal iştirakçılara və təşkilatlara diplomlar təqdim olunub. “Ən yaradıcı stend” nominasiyasında “Mayak” nəşriyyatı, “Ən çox oxunan yazıçı” nominasiyasında Çingiz Abdullayev, “Fəxri yazar” nominasiyasında Rüstəm Behrudi təltif edilib.
Mərasim musiqi proqramı ilə başa çatıb.