Oktyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin (1935–2018) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Öncə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu səhnəyə çıxaraq Xəyyam Mirzəzadənin yaradıcılığından, Azərbaycan musiqisindəki rolundan bəhs edib.
Sonra dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramını təqdim edib.
Proqram Xəyyam Mirzəzadənin “Triptix” adlı 2-ci simfoniyası ilə başlanıb.
Sonra bəstəkarın Səməd Vurğunun “Komsomol poeması”na yazdığı “İllüstrasiyalar”ı ifa olunub.
Sonda orkestr Xəyyam Mirzəzadənin kino musiqisindən nümunə – “Bağ mövsümü” filmindən “Gəzinti” kompozisiyasını səsləndirib.