XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Kazımovanın müəllifi olduğu “Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabının təqdimatı olub.

AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının qərarı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunan kitabın elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri akademik Nizami Cəfərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadədir.

Monoqrafiyada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinin yüksək poetikası, daxili ritmi, vəzn və bəhr xüsusiyyətləri araşdırılır, onların muğamlarımızla və Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə bağlılığı tədqiq edilir. Füzuli lirikasının musiqimizə, xüsusilə muğam sənətində, bəstəkarların yaradıcılığındakı təsiri elmi əsaslarla təhlil olunur.

Təqdimatda çıxış edən akademik Nizami Cəfərov kitabı Azərbaycan elminə mühüm töhfə kimi dəyərləndirib. Qeyd edib ki, əsər ədəbiyyatla musiqinin vəhdətini elmi müstəvidə təqdim edir. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə bildirib ki, monoqrafiya gənc tədqiqatçılar üçün dəyərli mənbədir və yeni araşdırmalar üçün istiqamət açır.

“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova da əsərin əhəmiyyətini vurğulayıb: “Bu kitab yalnız bir elmi əsər deyil, həm də Azərbaycan mədəniyyətinin dərin qatlarını üzə çıxaran mühüm mənbədir. Füzuli yaradıcılığının musiqimizlə qovuşması milli-mənəvi sərvətimizdir və belə əsərlərin çap olunması bizim üçün qürurvericidir.”

Müəllif Lalə Kazımova kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə – elmi redaktor və rəyçilərə, nəşriyyat rəhbərliyinə, həmçinin bütün dəstək göstərənlərə təşəkkürünü bildirib.