XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli xadimləri – Xalq yazıçıları İlyas Əfəndiyevin və Elçinin xatirəsinə həsr olunmuş “Əfəndiyevlərin unudulmaz irsi” adlı tədbir keçirilib.
Tədbirdə bu iki görkəmli qələm ustasının zəngin ədəbi irsini əks etdirən “İlyas Əfəndiyev: Geriyə baxarkən” (2021; ideya müəllifi Günay Əfəndiyeva, tərtibçi Kərim Tahirov), “Elçin və kino” (2023; müəllif Nərgiz Cabbarlı), “Elçin. Biblioqrafiya” (2023; Azərbaycan Milli Kitabxanasının nəşri) kitabları təqdim edilib.
Nəşrin ideya müəllifi qismində Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edib. Kitabın elmi məsləhətçiləri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.
Təqdimat mərasimini açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerə malik olduqlarını, milli dramaturgiya və nəsrin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.
Tədbirdə Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Xalq artisti Mərahim Fərzəlibəyov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Milli Məclisin deputatı Nizami Cəfərov, “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı və filologiya elmləri doktoru Abid Tahirli çıxış ediblər.
Natiqlər yazıçılarla bağlı xatirələrini bölüşüb, onların əsərlərinin ölkə ədəbi prosesi üçün əhəmiyyətindən danışıb, İlyas Əfəndiyevi və Elçin Əfəndiyevi fərqləndirən yüksək insani keyfiyyətləri vurğulayıblar. Qeyd edilib ki, Əfəndiyevlər ailəsinin yaradıcılığı Azərbaycanın mədəni irsinin tərkib hissəsidir, eyni zamanda, yeni nəsil yazıçılar və oxucular üçün ilham mənbəyidir.
Sonra Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxış edərək tədbirə qatılan, Əfəndiyevlər ailəsinin zəngin ədəbi irsinin qorunub saxlanılması və təbliği ideyasını dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
Tədbir bədii hissə ilə davam edib. Televiziya muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev çıxış ediblər.